Anna Sui
Anna Sui brendinin təsisçisi, Anna Sui Amerikada, 4 avqust 1964-cü
ildə Detroytda (ABŞ) çinli immiqrant ailəsində anadan olmuşdur. Uşaqlıqdan dəbə
olan marağı onda dizayner olmaq arzusunu formalaşdırır. Anna məktəbi bitirdikdən
sonra Parsons dizayn və incəsənət kollecində təhsil almaq üçün Nyu-Yorka köçür.
Dizayner kolleci bitirdikdən sonra bir çox şirkətlərdə çalışır.
80 və 90-cı illərdə dizayner ətrafına yaradıcı şəxsləri toplayır.
80-cı illərin sonunda dostları onu öz markasını yaratmağa həvəsləndirirlər.
1991-ci ildə dizayner ilk moda sərgisini təşkil edir. Sərgidə musiqi,
teatr və yüksək dəbin çox çalarlı olması, podiumda Linda Evangelist, Naomi Kempbell və Kristi
Tarlinqton kimi supermodellerin kolleksiyanı təqdim etmələri böyük əks-sədaya səbəb
olur. Anna Sui ilk sərgisindən sonra “ekstravaqant” dizayner kimi tanınır.
1999-cu ildə marka “Anna Sui” adlı ətir, ardınca aksessuar istehsal
etməyə başlayır. Bu gün Anna Sui ətirlərinin siyahısı 30-u keçir. Dəb aləmindəki
ekstravaqantlığı ilə seçilən dizayner, eyni tərzi ətir istehsalında da
saxlayır. Qeyri-adi, xüsusi ustalıqla düşünülmüş və valehedici qoxusu ilə Anna
Sui ətirləri, bu gün ətriyyat dünyasında özünəməxsus yer tutur.